Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “26.000 əmək qabiliyyətli insan hara yoxa çıxdı? Qəribə statistika” başlıqlı məqlaəsində yazıb.
“Əlbəttə, 11,8 faiz də işsizliyin son dərəcə yüksək səviyyəsidir və bu, on minlərlə əmək qabiliyyətli vətəndaşın əvvəlki kimi işsiz qalmaqda davam etdiyini göstərir. Lakin qeydə alınan bu azalma da formal xarakter daşıyır.
Əslində işsizlik azalmayıb, sadəcə əmək qüvvəsinin təklifi azalıb, əmək qabiliyyətli vətəndaşların sayı aşağı düşüb”, - deyə nəşr qeyd edib.
Müəllif qeyd edib ki, əmək qüvvəsinin azalması ilə işsizliyin azalması köklü şəkildə fərqli anlayışlardır.
“Məhz əmək qüvvəsinin azalması avtomatik olaraq işsizlərin sayının azalmasına gətirib çıxarıb. Əmək qüvvəsi azaldıqda, hətta bir dənə də yeni iş yeri yaradılmasa belə, işsizlik faizi aşağı düşür. Ermənistanda baş verən də məhz budur.
Bir il ərzində Ermənistanda əmək qüvvəsi 26.000 nəfər azalıb: 1 milyon 397 mindən 1 milyon 371 minə düşüb. Bu, əmək qüvvəsinin çox böyük itkisi deməkdir.
Səbəbi nə olursa-olsun, bu o deməkdir ki, ölkə və iqtisadiyyat öz istehsal potensialını itirib və bu, ən vacib sahədə, insan kapitalının itirilməsi formasında özünü göstərib.
Bu insanlar hara gedib, niyə əmək bazarından çıxıblar, nə baş verib, rəsmi statistika heç bir izah vermir. Yalnız quru rəqəmlər açıqlanır və həmin 26 min nəfərlik əmək qüvvəsinin “yoxa çıxması” barədə heç bir təsəvvür yaratmır”, - deyə məqalədə vurğulanıb.
Müəllif yazıb ki, onlar ölkəni tərk ediblərmi, mühacirət ediblərmi, əmək qabiliyyətini itiriblərmi, yoxsa siyasi hakimiyyətin zövqünə uyğun olaraq işsizlik göstəricilərini tənzimləmək üçün qəsdən rəsmi statistikadan çıxarılıblarmı, məlum deyil.
“Məlum olan yalnız budur ki, faktiki olaraq Ermənistanda əmək qabiliyyətli əhalinin sayı 26.000 nəfər azalıb və bu da işsizlik səviyyəsinin süni şəkildə aşağı düşməsinə səbəb olub. Ötən ilin 13,3 faizindən 11,8 faizə enib ki, bu da şübhəsiz ki, siyasi hakimiyyətin işsizliyin azaldılması ilə bağlı verdiyi vədə daha yaxın göstəricidir.
Əvvəlki seçkilər zamanı və hökumətin fəaliyyət proqramında işsizlik səviyyəsinin 10 faizdən aşağı salınacağı vəd edilmişdi. İndi isə belə bir təəssürat yaranır ki, rəsmi statistika qarşıdan gələn seçkilər ərəfəsində siyasi hakimiyyət üçün “uyğun” göstəricilər formalaşdırmağa çalışır.
Hələ vaxt var və bu templə gedilsə, şübhəsiz ki, buna da nail olacaqlar. Başqa məsələ isə odur ki, bundan vətəndaşlar nə qazanacaqlar. İşsizliyin azalmasından sonra da Ermənistanda çox sayda işsiz qalmaqdadır.
Son məlumatlara görə, rəsmi olaraq onların sayı 161.000 nəfərə çatır.
Azalmadan əvvəl bu rəqəm daha çox idi, 185.000-i keçirdi. Yəni 185.000-dən 161.000-ə düşüb, 24.000 nəfər azalıb. Elə görünür ki, guya bu qədər insan işlə təmin edilib. Amma hansı işlə? Heç bir işlə təmin edilməyiblər”, - deyə nəşr bildirib.
KİV qeyd dib ki, əvvəllər işsizlər sırasına daxil olan 24.000 nəfər sadəcə olaraq artıq əmək qüvvəsi hesab edilmir.
“Əmək qüvvəsinin hesablamalarından çıxarılıb və nəticədə işsizlərin sayı avtomatik olaraq 24.000 nəfər azalıb.
Bunun işsizliyin real azalması ilə heç bir əlaqəsi yoxdur. İşsizliyin real azalması o deməkdir ki, məşğul əhalinin sayı artmalıdır. Halbuki məşğul olanların sayı bir nəfər də artmayıb. Hətta azalıb, 1 milyon 211 mindən 1 milyon 210 minə düşüb.
Qəribə olan odur ki, bu şəraitdə hakimiyyət on minlərlə yeni iş yerinin yaradıldığını bəyan edir. Sual yaranır: əgər Ermənistanda məşğul əhalinin sayı hətta azalıbsa, bu iş yerləri harada yaradılıb?
Bunun sadə izahı var. Əslində Ermənistanda yeni iş yerləri yaradılmayıb, hakimiyyətin tez-tez manipulyasiya etdiyi kimi, sadəcə mövcud iş yerləri “aşkarlanıb”. Əksinə, ölkədə məşğulluq azalıb.
Məşğulluğunu itirənlərin hesabına işsizlərin sırası genişlənib, amma rəsmi məlumatlara görə işsizlik səviyyəsi azalıb. Sabah hakimiyyət bunu böyük bir nailiyyət kimi təqdim edəcək, lakin bunun hansı hesabına baş verdiyini deməyəcək. Halbuki söhbət son dərəcə narahatedici bir prosesdən, əmək qüvvəsi təklifinin azalmasından gedir.
Əgər əmək qüvvəsi daha sürətlə azaldılsaydı, işsizlik səviyyəsini də daha böyük templə azaltmaq olardı. Amma belə bir azalma hakimiyyətdən başqa heç kimə lazım deyil”, - deyə müəllif yazıb.
Nəşr bildirib ki, Ermənistanda məşğulluq azalıb, halbuki rəsmi açıqlamalarda daim yüksək iqtisadi fəallıqdan, artan ÜDM-dən, rekord göstəricilərdən və inkişafdan danışılır.
“Bunun niyə belə olduğunu iqtisadi fəallığın mahiyyətində axtarmaq lazımdır. Hakimiyyətin öyündüyü iqtisadi fəallıq elə amillər hesabına təmin olunur ki, ümumilikdə adi vətəndaşın həyatında heç nəyi dəyişmir. Buna görə də statistik olaraq Ermənistanda həyat yaxşılaşır, insanların gəlirləri artır, amma reallıqda bir çoxlarının həyatında heç nə dəyişmir. Adambaşına düşən ÜDM-in ikiqat, üçqat artmasından danışırlar, amma adi vətəndaş bunu öz üzərində hiss etmir, çünki iqtisadi artım inklüziv deyil və mövcud gəlirlər son dərəcə qeyri-bərabər şəkildə bölüşdürülür. Onlar məhdud və dar qrupların əlində cəmləşir.
İqtisadi nəticə qeyri-bərabər bölüşdürüldükdə, adambaşına düşən ÜDM boş bir göstəriciyə çevrilir. Belə şəraitdə onun necə dəyişməsinin heç bir əhəmiyyəti yoxdur, çünki bu, yalnız sosial qütbləşməni dərinləşdirir. Cəmiyyətin bəzi qruplarının gəlirləri on dəfələrlə artır, digərlərininki isə hətta azalır.
Bu cür artımlar sadəcə statistik “yaxşılaşmalar”dır. Elə işsizliyin azalması kimi ki, dərc olunan məlumatlara əsasən, bu azalma insanların işlə və məşğulluqla təmin edilməsi hesabına deyil, 26.000 əmək qabiliyyətli vətəndaşın mühacirəti, əmək qabiliyyətini itirməsi və ya digər səbəblər nəticəsində baş verib”, - deyə nəşr qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az